5 Haz 2015

Türkiyədə Təhsil: Sənədlər və Müraciət (Magistratura və Doktorantura pillələri üzrə)




 GİRİŞ

Xaricdə təhsil oxumaq istəyən hər kəsin arzusudur. Fərqli təhsil, fərqli mədəniyyətlər və fərqli dünyagörüşləri.. Mən də təhsilimi daha yaxşı davam etdirmək və mütəxəssislik sahəmi genişləndirmək üçün üz tutdum qardaş ölkəmiz olan Türkiyəyə. 
Şəxsimə o qədər Türkiyədə təhsillə bağlı sual ünvanlandı ki, sonunda qərar verdim ki, illər öncə açdığım, sonra yazmağa həvəs və vaxtımın olmadığı bu blog bir işə yarasın :) Mən təhsil üçün axtarışlar edəndə mənə kömək edəcək kimsəm yox idi ;) Odur ki, özünüz də nələrisə axtarmağa cəhd edin ;) Beləliklə, başlayaq ;)

Türkiyədə magistratura və ya doktorantura üzrə təhsil almaq istəyən şəxslər təhsillərini davam etdirəcəkləri sahəni dəqiqləşdirməlidirlər. Program dəyişikliyi edəcəksinizsə, başda çətinliklərlə qarşılaşa bilərsiniz. Çünki, bakalavrda görmədiyiniz dərsləri birbaşa "irəli" səviyyədən başlamaq Sizdə ruh düşkünlüyü yarada bilər. Yəni, bu işdə qərarlısınızsa, o zaman böyük yük Sizin üzərinizə düşəcək.

Bu sahə üzrə olan ən yaxşı universiteti axtarmaq lazım gəlir. Bunun üçün məşhur universitetlərdən əlavə, Türkiyə forumlarına baş çəkərək və ya ən sadə üsulla Google'a (məsələn; mühəndislik üzrə ən yaxşı universitet) tipli suallar verməklə suallarınıza cavab tapa bilərsiniz. 

Türkiyə universitetlərinin siyahısına baxa bilərsiniz. Bu siyahıdan maraqlandığınız universiteti seçərək universitetin Sizə maraqlı olan bölümü ilə tanış ola və suallarınız yarandığı halda "Əlaqə" (İletişim) bölməsindəki mail və ya telefon vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Universitetlər dövlət, vakıf, özəl olaraq ayrılır. Burada hansının Sizə uyğun gəlməsinə özünüz qərar verməlisiniz. Təhsilin hansı universitetdə uğurlu olmasına gəlincə, universitetin özəl olub təhsilinin mükəmməl olması deyə yanlış fikir yaratmayın. Dövlət universitetlərində də çox gözəl və mükəmməl müəllimlər var. Bunu öz subyektiv təcrübəmdən deyə bilərəm. Özəl universitetlərin təhsil haqqı xeyli yüksəkdir. Əgər maddi imkan buna icazə verirsə, özəl universitetdə də təhsil ala bilərsiniz. Universitetin yerləşdiyi şəhər, məkan bunların hamısı üçün GOOGLE var :D

Misal üçün (Universitetin adının üzərinə klikləyərək təhsil haqqını görə bilərsiniz):

Bahçeşehir Universiteti 
Sabancı Universiteti
Ankara Universiteti
Mimar Sinan Güzel Sanatlar Universiteti

Universitetlərə ildə iki dəfə (qış və bahar aylarında) qəbul elan olunur. Qış aylarında-Dekabrda müraciət etmisinizsə, deməli, fevral ayında dərsləriniz başlayacaq. Yay aylarında-İyun, İyulda müraciət etmisinizsə, Sentyabrda artıq dərslər başlayacaq.

Tezli (diplom işi olan) və tezsiz (sonda diplom işi olmayıb, semestrlər üzrə layihələr təqdim etmək) təshil: Əgər Siz akademik istiqamətdə davam etmək istəyirsinizsə, Tezli, yox, sadəcə ,dərəcə üçün təhsil alacaqsınızsa o zaman Tezsiz təhsil ala bilərsiniz.

SƏNƏDLƏR

1. Universiteti bitirdiyinizə dair sənəd və ya bitirmisinizsə diplom;
2. Transkript (Buraxılış qiymətləri, diploma əlavə)
3. Orta balınız  
4. ALES (Akademik Personel ve Lisansüstü Eğitim Giriş Sınavı)
5. IELTS, TOEFL (Universitetə bağlı olaraq)
6. TÖMER (Türkçe ve Yabancı Dil Araştırma ve Uygulama Merkezi)
6. Şəkil
7. Xarici passportun surəti

Məsləhət görərdim ki, sənədləriniz əlinizdə hazır olsun. Çünki, notariuslarda yaranan qızğın işə görə, univeristetdəki buraxılışlara görə sənədlərinizin Sizə verilməsi gecikə bilər. Bəzən universitetlər çox qısa müddətliyinə kontingent açıb bağlayırlar. Yaxud, sənədləriniz təcili poçt vasitəsilə göndərmək məcburiyyətində qala bilərsiniz. 

1-2-3-cü sənədlər: 4-cü kursun son semestr tələbələri universitetdən diplomunu dövlət imtahanı və ya diplom işini müdafiə etdikdən sonra ala bilmir. Buna görə, universitet dekanlığından bitirməyinizdə dair sənəd, 4 il  boyunca olan buraxılış qiymətləri haqqında sənəd, yəni, transkript (diploma əlavə), orta balınıza (bunu da dekanlıqdan ala bilərsiniz. Qiymətləriniz oxuduğunuz 5 və ya 100 ballıq sistem üzərindən hesablanacaq) dair sənədləri alırsınız. Aldığınız sənədləri Notariusda türk dilinə tərcümə etdirib, təsdiqlədirsiniz. Yaxşı olar ki, sənədlərinizdən 2 nüsxə təsdiqlətdirəsiniz. Biri hər zaman ehtiyatda qalsın.

4. ALES imtahanından aldığınız nəticənizi ÖSYM'nin rəsmi saytından çap edirsiniz.

5. Universitetiniz Sizdən ingilis dili bacarığınızı öyrənmək üçün ingilis və ya digər beynəlxalq səviyyəli sertifikatı tələb edə bilər. Təhsil diliniz ingilis, fransız və alman və digər dillər ola bilər. Buna görə dil bilginizə görə əlinizdə hər hansı bir sənədiniz olmalıdır. Əgər bu sənədlər yoxdursa, o zaman universitetin özünün xarici dil imtahanına girmək məcburiyyətindəsiniz. Seçim Sizindir :)

6.  TÖMER imtahanı tədris dili türk dili olanlar üçün keçərlidir. Universitetlərin istəkləri fərqli olur. Azərbaycan Xarici Dillər Universitetində TÖMER imtahanına girə bilərsiniz. Səhv etmirəmsə Slavyan ya da Qafqaz Universitetində var idi. Təəssüf, hal-hazırda Slavyan və Qafqazda olub-olmadığını bilmirəm. Azərbaycan Dövlət İqtisad Universiteti TÜDİFAK məzunlarının TÖMER'ə girməyinə ehtiyac yoxdur. Dekanlıqlarından türkcə təhsil aldıqlarına dair sənədi notariusda təsdiqlədə bilərlər.

7. Xarici pasportunuzun surəti və şəkil məsələsini izah etməyə ehtiyac yoxdur zənnimcə :))

Qeyd edim ki, diqqətlə və mütəmadi olaraq, qəbul olmaq istədiyiniz saytları izləməlisiniz. Kontingentlər tez açılıb-bağlana bilər. Ayrıca, hər universitetin qeyd şərtsiz tələb etdiyi sənədlər bunlardır. Qabiliyyət və sair tələb edən sənədlər də ola bilər. Yuxarıda qeyd etdiyim kimi, hər universitetin əlavə tələb etdiyi sənədlər də ola bilər. Amma mənim qeyd etdiyim sənədlər hər zaman tələb olunan ilkin sənədlərdir.

GÖNDƏRİŞ

Sənədlərinizi tam hazır etdikdən sonra universitetin tələb etdiyi formada-ya online müraciət şəklində, ya poçt vasitəsilə (Azerpoçt vasitəsilə 15 günə və ya ekspress xidmət ilə 2 günə sənədinizi çatdıra bilərsiniz) və ya özünüz şəxsən təqdim etməlisiniz.

MÜSAHİBƏ (MÜLAKAT) və ELMİ (BİLİM) İMTAHAN 

Yenə də universitetə bağlı olaraq universitet Sizinlə müsahibə edə bilər və ya etməyə bilər. Bəzən xarici vətəndaşlardan müsahibə götürülmür və onlar imtahana girmirlər. Sizə qaranlıq qalacaq məqam varsa bunu universitetin mail adresinə yaxud əlaqə bölməsində göstərdiyi telefonla əlaqə saxlayaraq müəyyənləşdirə bilərsiniz.

Nəticələriniz universitetlərin saytında elan olunur :)

Hər bir tələbəyə elm-təhsil yolunda uğurlar arzu edirəm. Qaranlıq qalan məqamları ŞƏRH bölməsinə yaza bilərsiniz. Əlimdən gəldiyi qədər cavablandırmağa çalışaram :) 

Uğurlar!

Hörmətlə :)

Hiç yorum yok:

Yorum Gönder

RƏYLƏRİNİZ DİGƏR OXUYUCALARA DA KÖMƏK OLA BİLƏR! ODUR Kİ, RƏY YAZMAĞI UNUTMAYIN! :)